22 oktyabr 2023-cü il tarixdə Türk Kızıl Ayının prezidenti professor Fatma Meriç Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Oktyabrın 23-də AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) prezidenti,millət vəkili Novruz Aslanov ilə Türk Kızıl Ayının prezidenti professor Fatma Meriç Yılmaz arasında görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Görüşdə iki təşkilat arasında görülən ümumi işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və gələcək perspektivlər barədə müzakirələr aparılıb.Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Türk Kızıl Ayının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulanıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov İkinci Qarabağ müharibəsi zamanı Türk Kızılayının göstərdiyi yardımlara diqqət çəkib və bu dəstəyə görə öz təşəkkürünü bildirib.
Xanım Fatma Meriç Yilmaz öz
növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, mövcud əlaqələrin
gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin,
Türkiyə və Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu bildirib. Zəruri
layihələr və əməkdaşlığın istiqamətləri barəsində fikir mübadiləsi aparılıb. Bu
ilin fevral ayının 6-da
Kahramanmaraş şəhərində baş vermiş zəlzələlərdən sonra Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin böyük yardım kampaniyasını xatırladan Fatma Yılmaz, "AzQAC bu
xeyirxah aksiyası ilə bir daha bizim tərəfimizdə
olduğunu hiss etdirdi" söyləyərək təşəkkürünü bildirib.
Sonda qonaqlara hədiyyələr
təqdim olunub, xatirə fotoları çəkilib.
Görüşdən sonra AzQAC-ın rəhbər
heyəti ilə qonaqlar birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və
Şəhidlər Xiyabanını ziyarət ediblər.